"Ağ qan”ın beynəlxalq uğuru davam edir

Gənc rejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyev tərəfindən bu il çəkilmiş «Ağ Qan» qısametrajlı bədii filmi beynəlxalq uğur qazanmaqda davam edir.

Kult.Az-ın xəbərinə görə, film artıq Belçikada keçirilən 39 – cu Beynəlxalq Gent Film Festivalda və Gürcüçtanda keçirilən Batumi Beynəlxalq film festivalda iştirak edib. «Ağ Qan» bu günlərdə Amerikada keçirilən Milvauke Short Film Festivalda nümayiş olunacaq. Dekabr ayında isə «Ağ Qan» digər nüfuzlu festivalda iştirak etmək üçün Dubay Beynəlxalq Film Festivalına yollanır. Bundan başqa film Tirana (Albanya), Kinofest (Rumınya) və Tiflis (Gürcüstan) beynəlxalq film festivalın proqramında yer alacaq.

«EXA prodakşn» studiyasında çəkilmiş «Ağ Qan» filmi təsərrüfatları məhv olmuş tərəkəmə ailəsinin həyatını göstərir. Filmdə ölüm yatağında olan qocanın son istəyinin, qarısı tərəfindən müdrükcəsinə həyata keçirməsindən bəhs olunur. Film çıxış yolu olmayan heç bir çətin vəziyyətin olmadığı ideyasına xidmət edir. Filmin sujetində ana südü həyatın axarını dəyişmir, əksinə başqa həyatın başlanğıcı olur. Filmə maraq gətirən cəhətlərdən biri də sujetə verilən fəlsəfi yozumdur.
Filmin çəkilişləri özünəməxsus təbiəti olan Abşeronda həyata keçirilib. Filmin rejissorluğuyla yanaşı həm də ssenaristləri olan gənclər çəkiliş dövründəki çətinliklərə baxmayaraq, nəticənin ümidverici olduğunu deyirlər. Onuda qeyd edək ki, «Ağ Qan»ı öz vəsaitlərinə çəkən rejissorlar bir daha kinoya olan sevgilərini nümayiş etdirdilər. Çox istərdik ki, bizim tamaşaçılar kinonu kitab kimi oxumağı onu müzakirə etməyi, his etməyi bacarsınlar. Biz rejissorlar üçün bu çox vacibdir – deyən gənc rejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyev öz fikirlərini bölüşdülər.

Onu da qeyd etmək lazımdırki, Ağ qan onların ilk birgə işi deyil. Buna qədər Nəfəs, Koramal, Qara yeşik kimi filimləridə birlikdə işləmişlər. Qeyd olunan filimlərdə beynəlxalq kino festivallarda iştirak edərək müxtəlif mükafatlara layiq görülmüşlər.

ANN.Az

 

Mənbə: Kult.az