Bu kinodu, burada neynəyərlər?!

"Kino haqqında" qanuna dəyişiklik etmək lazımdırsa, olsun, amma bu, öz nəticələrini də göstərməlidir

“"Kino haqqında" qanuna dəyişiklik etmək istəyirik. Qanun 1998-ci ildə qəbul olunub. Orada günün tələblərinə cavab verməyən, xaricilərin Azərbaycanda müştərək film çəkməsi, kinonun texniki bazasının güclənməsi ilə bağlı müəyyən çatışmayan cəhətlər var”. Bu sözləri mətbuata açıqlamasında "Azərbaycanfilm" Dövlət Kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib.

Direktorun sözlərinə görə, qanuna dəyişiklik olunması ilə bağlı təkliflər də verilib və nazir Əbülfəs Qarayev də təkliflərin hazırlanması üçün imza atıb.

"Kino haqqında" qanunda dəyişikliyin hansı zərurətdən yaranması ilə bağlı elə kino adamlarından maraqlandıq. Hansı dəyişikliklər zəruridir? Yeni dəyişikliklər kinonun inkişafına nə gətirəcək? Bu kimi suallara fərqli cavablar aldıq.

Dəyişiklik ehtiyacı?

Peşəkar Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev hesab edir ki, qanunda dəyişikliklər bu sahə ilə əlaqəli güzəştlərlə bağlı ola bilər. Belə ki, kinoya sərmayə qoyan prodüserlər, istehsala maliyyə dəstəyi verən sponsorların müəyyənləşdirilməsi, vergilərdən azad olunma, xaricdən kinolentlərin alınması və ya avadanlıq gətiriləndə gömrükdə qoyulan vergilər və s. baxımından dəyişikliklər etməyə ehtiyac var: «Ancaq mən inanmıram ki, bizim sahəyə belə güzəştlər tətbiq ediləcək. Bu gün bunların hamısını yerinə yetirmək mümkün deyil. Bununla belə, bu cür dəyişikliklərin edilməsi yaxşı olardı». H.Mehdiyev qeyd edib ki, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” ilə reallıq arasında böyük fərq var: «Proramın icrası ilə bağlı Prezident sərəncam verib. Heç olmasa, ildə 1-2 dəfə bu proqram çərçivəsində görülən işlər barədə məlumat verilməli idi. Ancaq ortada heç bir konsepsiya və plan yoxdur. Məmurların elə bir iş üslubu var ki, işin xeyrinə getmir. Bu gün proqramın yerinə yetirilməsi barədə heç kəs heç kəsdən hesabat tələb etmir. Bu, çox pisdir».

Gildiya rəhbəri hesab edir ki, proqramın icrasına laqeyd münasibət mövcuddur: «Elə məsələlər var ki, onun həlli yuxarı instansiyalardan asılıdır. Maliyyə məsələləri, struktur dəyişiklikləri və s. bəzən Mədəniyyət və Turizm Nazirliyindən də asılı deyil. Bununla belə, nazirliyin də təpərindən, tələbindən, ardıcıllığından asılı olan çox şeylər var. Görünür, bu da onlarda yoxdur».

H.Mehdiyevin fikrincə, bu gün kinonun inkişafına və durumuna münasibət çox aşağı səviyyədədir. Belə ki, kinonun intellektual potensialı, onun dünyada və ya Azərbaycanda ola biləcək təsiri və vacibliyi bu münasibətlə adekvat deyil: «Mənə elə gəlir ki, bizim məmurlar indiyə kimi kinoteatrla ticarət mərkəzlərində olan zalları çaşbaş salırlar. Onlar ticarət mərkəzlərinin zallarını kinoteatrların zallarının sayından çox artırırlar. Bu, düzgün deyil. On il bundan əvvəl bütün ticarət mərkəzlərində zallar tikilirdi - orada həmçinin istirahət üçün şərait yaradılırdı. Bura həm də kinoya baxmağa gəlirdilər. Yəni həm alverə gəlir, həm də kinoya baxırdılar. Kinoteatra isə yalnız kinoya baxmağa gəlirlər. Bunlar tamam başqa şeydir».

Gildiya rəhbəri xaricilərin Azərbaycanda müştərək film çəkməsi ilə bağlı verilən təklifi lüzumsuz hesab edib: «Birgə istehsalat haqqında Avropa konvensiyası var və biz də həmin konvensiyaya qoşulmuşuq. Bu sənəddə hər şey tənzimlənir. Sadəcə, bunu düzgün icra etsinlər və onlara şərait yaratsınlar». H.Mehdiyevin fikrincə, “Kino haqqında” qanunda dəyişiklik istəyi daha çox populist xarakter daşıyır: «Yəni biz iş görmüşük, qanunda nə isə dəyişiklik etmişik. Amma belə deyil. Qanun dinamik olmalı və inkişaf etməlidir. Cəmiyyətdə iqtisadiyyat, şərait inkişaf etdikcə, qanunlar da dəyişməlidir. Bu, labüddür. Amma bir var, kinonun inkişafı xatirinə qanuna dəyişikliklər edilməsi, bir də var, məqsədli şəkildə, yəni iş görüntüsü yaratmaq naminə bu addımı atmaq».

Gildiya rəhbərinin fikrincə, sözügedən qanunda dəyişiklik üçün çalışmaqdansa, ölkədə olan kino rejissorlarının işləməsinə və dolanışığına şərait yaradılsa, daha yaxşı olar: «Pul ayırmaq, şərtlər qoymaq lazımdır. Bizim hazırda imkanlarımız o qədər böyükdür ki, hər il 10 kino çəkilə bilər. Ancaq kino işçiləri bu gün çox çətin vəziyyətdə yaşayır. Bunun dərdini çəkmək lazımdır, qanunun yox».

Kinoşünas Aydın Kazımzadənin fikrincə, kino haqqında qanun daha çox istehsalatla bağlıdır: «Bu, böyük prosesdir. Həm də kinostudiya bərpaya dayanır. Ora dünyanın ən müasir avadanlıqları gətiriləcək, mütəxəssislər dəvət olunacaq. Mənim yeganə istəyim budur ki, peşəkarlar yetişsin. Onda hər cür inkişafdan danışmaq olar”.

Ortada olmayan iş

"Kino haqqında" qanunda dəyişiklik ediləcəyi ilə bağlı fikirlərin müəllifi olan "Azərbaycanfilm" Dövlət Kinostudiyasının direktoru Müşfiq Hətəmovla isə əlaqə saxlaya bilmədik. Gün ərzində zənglərimizə cavab verən köməkçisi “gah yanında qonaq var”, gah da “nahar fasiləsindən hələ qayıtmayıb” dedi. Uzun sürən “nahar fasiləsi”ndən sonra isə “Müşfiq müəllim bu gün işdə olmayacaq” cavabını aldıq. Maraqlıdır, hələ bir gün əvvəl “Nə qədər çox iş görsək, bir o qədər kinomuzun xeyrinədir. Müasir dövrün tələblərinə uyğun istehsal qurmalıyıq. Mən də verilən şansdan istifadə edib Azərbaycan kinosu naminə əlimdən gələni əsirgəməyəcəyəm" deyən Müşfiq Hətəmovun nahar fasiləsi bu qədər uzun çəkirsə, sonra isə, ümumiyyətlə, onu işdə tapmaq mümkün olmursa və ya jurnalistlərin suallarından qaçırsa, onda kinonun inkişafı ilə bağlı iş görməyə nə zaman vaxt tapılacaq?

Hələ ki ortada iş yoxdur. Yeni çəkilən hər hansı sanballı filmdən söhbət gedə bilməz. Təkcə kinostudiyanın rəsmi internet saytını yaradıb, təqdimatını keçirməklə, veb səhifədə milli kinomuzun tarixinə aid materialları toplamaqla, ölkədə son illər çəkilən, amma tamaşaçıların görmədiyi filmlər haqqında, o cümlədən, istehsalatda olan filmlər, onların yaradıcı qrupları, filmlərin texniki göstəriciləri və s. haqqında məlumat yerləşdirməklə iş bitmir. İllərdir təmirə dayanan "Azərbaycanfilm" kinostudiyasının fəaliyyəti, ayrı-ayrı sexlər və pavilyonlar haqqında məlumat verməklə də kinonun inkişafından danışmaq olmaz. Mütəxəssislər demiş, bu, uzun və əməli prosesdir. Bunun üçünsə danışmaqdan çox işləmək lazımdır.

Təranə Məhərrəmova 

Mənbə: Kaspi