Azərbaycanlı rejissor: "Bu ilk bədii filmimdir və 28 yaşım var"

İki ildir çəkilişləri davam edən “Ultionis” filmi artıq yekunlaşıb. Bu haqda serialın rejissoru Nicat Qafuroğlu Milli.Az-ın bir neçə sualını cavablandırıb:

- “Ultionis” filmi psixoloji trillerdir. Bu janr bizim incəsənətə bir az yaddır. Sizcə, film tamaşaçılar tərəfindən necə qarşılanacaq?

- Mən ixtisasca psixoloqam. ADPU-da psixologiya ixtisasi üzrə 4 il bakalavr, 2 il magistr təhsili almışam. Yəqin, bu təhsilin, bu sahədə oxuduğum kitabların təsiri idi ki, "Ultionis" romanı psixoloji dram janrında alındı. Psixologiya incəsənətimizə yad deyil, amma bu filmin necə qarşılanacağını heç cür proqnozlaşdıra bilmirəm. Çünki ümumiyyətlə, proqnoz verməyi sevmirəm.

- Filmdə Rasim Balayev, Həmidə Ömərova, Səidə Quliyeva kimi xalq artistləri çəkiliblər. Dediklərinizə görə, film onların çox xoşuna gəlib. Özünüz necə, işinizdən razı qaldınız?

- Fürsətdən istifadə edib, dəyərli məsləhətləri üçün əvəzolunmaz aktrisa, xalq artisti Həmidə xanım Ömərovaya təşəkkür edirəm. Hamı deyir ki, yaxşı filmdir. Görək, tamaşaçı nə deyəcək. Bilirsiniz, filmi kadr-kadr toplamış bir adam - rejissor, heç vaxt həmin filmdən tamaşaçının aldığı qədər zövq ala bilməz. Ona görə, həqiqətən də, qiymət vermək yalnız tamaşaçıya məxsus hüquqdur. Mən, sadəcə, müəyyən maddi-texniki imkanlar çərçivəsində bacardığımı eləmişəm.

- Baş rolda fotomodel, aparıcı Tunay Əliyeva çəkilib. Onunla işləmək sizə çətinlik yaratmadı ki?

- Yox, qətiyyən. Baş rolda çəkilən Əflatun Abdullayev, Tunay Əliyeva çox istedadlıdırlar. Tunayın rolu ağır idi, o, rolun içində rol oynamalı idi. Çox gözəl bacardı.

- Bu filmlə kifayətlənəcəksiniz, yoxsa başqa çəkmək istədiyiniz film var?

- Bu ilk bədii filmimdir və 28 yaşım var. Qalan Allahın qismətidir.

- Filmlə bağlı təntənəli premyera keçirəcəksiniz?

- Xeyr. Filmi, sadəcə, tamaşaçıya təqdim edəcəyik. Ən geniş tamaşaçı kütləsi məhz efirin qarşısındadır. Biz efirə çıxmağa qərar verdik.

Əli Novruzəliyev
Milli.Az