"Xoca" Misiri fəth etməyə gedir

Vahid Mustafayevin filmi 35-ci Qahirə Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək.

Vahid Mustafayevin “Xoca” filmi noyabrın 27-dən dekabrın 6-na kimi Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək 35-ci Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunacaq. "Xoca" kinofestivalın İnsan hüquqları bölməsinə daxil edilib. "Xoca" kinofestivalda noyabrın 29-da saat 10:00 və 21:30-da olmaqla iki dəfə nümayiş etdiriləcək.

“Bakı Film” kinostudiyasının direktor müavini, filmin festival və yayım komissiyasının üzvü Kamran Qasımov ANS PRESS-ə açıqlamasında bildirib ki, “Xoca” Qahirə festivalında təşkil edilən kino şirkətlərinin guşəsində-film-marketdə təqdim olunacaq. Bu guşədə “Bakı Film”in bu günə qədər çəkdiyi bütün filmlər təbliğ ediləcək. Film-marketin həm də prodüser əlaqələrinin yaradılması və möhkəmlənməsinə xidmət etdiyini qeyd edən Kamran Qasımov, bu əlaqələrə ümid bəslədiklərini deyir: “Bilirik ki, bu əlaqələr qurulacaq. Çünki belə festivallarda həmişə hansısa prodüser hər hansı şirkəti tapır və onlar müştərək işlər görürlər”.

Festival noyabr ayının 27-də açılacaq və artıq noyabrın 28-dən Misir Opera Teatrının həyətində film-market fəaliyyətə başlayacaq. Film-marketdə “Bakı Film”in öz stendi və loqotipi, eləcə də orada “Bakı Film”in istehsal etdiyi məhsulların yarmarka şəklində nümayişi olacaq. Filmlərin nümayişi 28 noyabrdan 6 dekabradək davam edəcək.

Qeyd edək ki, Qahirə Beynəlxalq Film Festivalı (CIFF) 1976-ci ildən etibarən hər il təşkil edilir və ərəb dünyasında təşkil edilən ilk beynəlxalq film festivalıdır. Festival ərəb dünyası və Afrikada Paris Beynəlxalq Film Prodüserləri Assosiasiyasının Beynəlxalq Federasiyası tərəfindən tanınan yeganə beynəlxalq film festivalıdır.

CIFF yaradılandan 2006-cı ilədək Saad əl-Din Vahba, Hüseyn Fəhmi və Şərif Əl Şobaşi festivalın münsiflər heyətinin prezidentləri olublar. 2006-cı ildən isə festivala yeni prezidet-misirli aktyor və musiqiçi Ezzat Əbu-Ouf təyin olunub.

Kamran Qasımov Qahirə Beynəlxalq Film Festivalının “Xoca” üçün ikinci dayanacaq olduğunu deyir. Bundan əvvəl Türkiyənin Antalya şəhərində keçirilən “Qızıl Portağal” kinofestivalında özəl nümayiş olunan “Xoca” filmi böyük uğur qazandı. K.Qasımov festivalla bağlı təəssüratlarını bir daha bizimlə bölüşdü: “Biz çox maraqlı mənzərə ilə rastlaşdıq. İnsanlar “Xoca”nın nümayişlərinə çox maraqla gəlirdilər və nümayişdən sonra öz fikirlərini bildirirdilər. Yəni laqeyd qala bilmirdilər. Doğrudan da bu təkcə film nümayişi deyildi. Həm də həqiqətlərin üzə çıxarılması idi. Festival əlaqədir, kinematoqrafçılar arasında festivaldan gözəl rabitə ola bilməz. Ona görə də “Xoca” Azərbaycanda prodüser filminin olması baxımından, həm də Qarabağ həqiqətlərinin dünyaya çıxarılması baxımından çox önəmli idi”.

Qahirə festivalında 3 yarışma bölməsi var. Birinci hissədə “Beynəlxalq uzun filmlər yarışması”, 2-ci “Beynəlxalq İnsan Hüquqları yarışması”, 3-cü “Beynəlxalq ərəb filmləri yarışması”. Bunlar 3-də beynəlxalq yarışma kateqoriyasına aiddir. “Xoca" kinofestivalın İnsan hüquqları bölməsinə daxil edilib. Bundan başqa festivalın müsabiqədən kənar ustad filmlərin nümayişi də var.

“Biz çox sevinirik ki, filmimiz Azərbaycanı Qahirədə təmsil edəcək. Burada söhbət sadəcə təmsil etməkdən getmir. Bu festivalda iştirakımız təkcə Azərbaycanda kinoindustriyanın vəziyyəti baxımından deyil, həm də Qarabağ həqiqətlərinin, Xocalı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması cəhətdən çox böyük uğurdur. Hesab edirəm ki, bu uğur davamlı olmalıdır”, - deyən K. Qasımov, festivalın həm bədii-yaradıcılıq nöqteyi nəzərdən, həm də təbliğat baxımından uğurlu olacağını düşünür.


“Bakı Film”in direktor müavini: ”Niyyətimiz Azərbaycanda da kinematoqrafiyanın inkişaf səviyyəsində olduğunu göstərməkdir. Bu təbii ki, təkcə Misir üçün deyil, beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulub. Qahirə festivalına dünyanın təxminən 35-40 ölkəsindən insanlar gələcək. Onların əksəriyyəti festivalda iştirak edən rejissorlar, ssenaristlər və prodüserlərdir”.

K.Qasımov hər bir işi Azərbaycan adından etdiklərini deyir: “Bizim etdiyim hər bir şey
Azərbaycanın adınadır. Biz Azərbaycan şirkətiyik və “Bakı Film”də Azərbaycanın müstəqil kino-şirkəti olaraq və prodüser kinosunun təməl yükünü öz çiyinlərində daşıyan bir şirkət olaraq bu festivala qatılacaq”.

“Bakı Film” kinostudiyasının direktor müavini “Xoca” filminin bu uğurunun davamlı olacağına çox böyük ümid bəsləyir. O, “Xoca”nın gələcəkdə digər kinofestivallarda da iştirakına çalışacaqlarını deyir: “Bu da ölkəmiz, kinematoqrafçılarımız üçün və Azərbaycan xalqının həqiqətlərinin beynəlxalq aləmdə tanınması üçün çox böyük addımdır. Azərbaycan filminin beynəlxalq ictimaiyyət tərəfindən, yəni Qahirə kinofestivalı kimi A kateqoriyalı beynəlxalq festival tərəfindən yüksək şəkildə qiymətləndirilməsi onu sübut edir ki, “Bakı Film” öz qarşısına qoyduğu məqsədə artıq çatıb”.

 

Zülfiyyə Qurbanova

ANSPRESS