“Çölçü” filmi Tallinndə keçirilən beynəlxalq festivala təqdim olunub

Estoniyanın paytaxtı Tallinndə 16-cı beynəlxalq kino festivalı (“Qaranlıq gecələr” kinofestivalı) işə başlayıb. Bu, şimal ölkələrinin kino aləmində çox böyük hadisədir. Kinofestivalda 66 ölkənin 270 tammetrajlı filmi iştirak edir.
   Festivala Azərbaycan rejissoru Şamil Əliyevin “Çölçü” filmi də təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamlar Rafiq Nəsirov və İbrahim Əminovdur.
   ”Çölçü” noyabrın 20-də və 27-də Tallinnin kinoteatrlarında göstəriləcək. Bu, cari ildə Şamil Əliyevin filminin nümayiş etdirildiyi beşinci kinofestivaldır.