VIII “START” Gənclərin Beynəlxalq Film Festivalına start verilir

28, 29, 30 noyabr tarixlərində  Bakıda Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və  “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı VIII “START”  Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək. “START” Film Festivalı İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində gerçəkləşir.

İlbəil əhatə dairəsini genişləndirən festival bu il bir çox yeniliklərlə yadda qalacaq.  Qafqazın ən böyük qısametrajlı film yarışması olan “START” –a bu il  Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukraniya, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorusiya ümumilikdə isə 20 ölkədən 250 –dən çox film göndərilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən  87 film daxil edib.

Festivalda daha bir yenilik “Yerli” və “Beynəlxalq” yarışma proqramlarının olmasıdır.  Bununla yerli müəlliflərə şans verilir. Onlar filmlərinin  səviyyəsini nəzərə alıb işlərini festivalın “Yerli” müsabiqə proqramına göndəriblər.

Müsabiqəyə təqdim olunan yerli və əcnəbi ekran əsərləri Avropanın tanınmış festivallarında mükafat almış kinematoqrafçılar və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalda iki – “Yerli” və “Beynəlxalq” müsabiqə proqramı olduğundan jüri üzvləri  də bu proqrama əsasən seçilib. “Yerli”müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti : kinorejissor Elxan Cəfərov,  İlqar Safat və  “New Baku Post” qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndiriləcək. “Beynəlxalq” müsabiqədə isə filmləri 5 nəfərdən ibarət  beynəlxalq jüri heyəti seçəcək. Yeniliklərimizdən biri də məhz bu jürinin seçilməsidir. Bu, festivalın tarixində bir ilk olacaq. Belə ki, VIII “START”  Gənclərin Beynəlxalq Film Festivalı

Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunduğundan  beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri də ancaq yaradıcı, sənətdə öz sözlərini demiş  xanımlardan ibarət olacaq.  Onlar Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolbergerdir.

Müəlliflərin ekran əsərləri  “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı eksperimental film” və “Ən yaxşı film- Qran Pri” uğrunda yarışacaq.

Təşkilati dəstək : Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

Festivalın açılışı 28 noyabr  saat 16: 00 da Nizami Kino Mərkəzində keçiriləcək. Giriş sərbəstdir.

Filmlər  28, 29, 30 noyabr  tarixlərində saat 11: 00 – dan başlayaraq  Nizami Kino Mərkəzində nümayiş olunacaq. Giriş sərbəst və pulsuzdur.

Festivalın proqramı ilə www.filmfestival.az  saytından tanış ola bilərsiniz.