Azərbaycan filmi Moskvadakı festivalda nümayiş olunacaq

Azərbaycanlı kinorejissor Fariz Əhmədovun "Mayak" filmi "Дебютное кино 2012" VI Moskva qısa metrajlı filmlər festivalında nümayiş olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend Life-a Fariz Əhmədov məlumat verib.

Onun sözlərinə görə, festival noyabrın 29-dan dekabrın 4-ə qədər keçiriləcək.

Film ayrılıq mövzusundan bəhs edir. Hər şey ayrılıqdan - ərlə arvadın boşanmasından başlayıb. Qadın ikinci dəfə ərə gedib və ögey ata ilə oğulun münasibətləri alınmayıb. Filmdə münasibətlərin bu bucağı qabardılmır, heç buna ehtiyac da yoxdur. Akifin narkomaniyaya qurşanması özü hər şeyi deyir və bu fakt həm də ananın övladı ilə yetərincə maraqlana bilməməsindən, onun düzgün tərbiyə etmək imkanının olmamasından xəbər verir.

Qadın oğlunu həyata qaytarmaq üçün keçmiş ərinə - Ənsariyə müraciət edir və adaların birində mayak qülləsində çalışan general yeganə övladını xilas etmək istəyir. Onu xəstəxanadan götürüb özünün kimsəsiz adasına gətirir. Ənsarini hərəkət etməyə sövq edən qüvvə, bəlkə də, oğlu Akifə sevgidən daha çox günah hissidir: vaxtında yanında olsaydı, onu öz sevgisi ilə əhatə eləyə bilsəydi, Akifi "ağ ölümün" cəngindən ala bilərdi. Bəli, zaman buraxılıb, amma Ənsari öz sərt üsullarının işə yarayacağını düşünür və hesab edir ki, bu üsullar həkim müalicəsindən də effektli ola bilər. Amma insanlardan aralı düşən, kimsəsiz adada tənha həyat tərzi keçirən general reallıq hissini unudub. O, öz "müalicəsi" zamanı ən əsas məqamı yaddan çıxarır - sağalmaq üçün Akif özü bunu istəməlidir.

Cəmi 28 dəqiqəyə sığışdırılan ekran əsərində aktual problemlər qoyulur. Konfliktli vəziyyət, çətin xarakterlərli insanların mübarizəsi ata-oğul xətti ilə inkişaf edir. Akifin atasına münasibəti film boyu yalnız bir ironiya ilə - ona tez-tez "general" deyə müraciət etməsilə müşayiət olunur və tamaşaçı istər-istəməz düşünür: ağırçəkili general titulu belə heç nədən sığortalamır, hərb qanunlarından yaxşı baş çıxaran adam da həyatın labirintlərində aza bilər.

Ümumiyyətlə, filmdə dialoq azdır, hər şeyi görüntü – vizual mənzərə, daha çox mimika və jestlərda ifadə olunan aktyor oyunu deyir. Artıq sözə, uzun-uzadı söhbətlərə ehtiyac qalmır.

Rolları Məmməd Səfa (Ənsari), Ərtoğrul Kamalov (Akif), Gülzar Qurbanova (Akifin anası), Elşən Rüstəmov, Elçin Əlizadə, Polina Tkoçenko, Rəhim Haşımov və Fuad Nuriyev ifa ediblər.

Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib.

Milli.Az