“START”ın qalibləri

Bakıda 28, 29, 30 noyabr tarixlərində  gerçəkləşən  VIII  “START” Gənclərin Beynəlxalq Film Festivalının  qalibləri bəlli oldu.  Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və  “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə  reallaşan festival  İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində gerçəkləşib.

Festivala bu il  Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukraniya, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorusiya ümumilikdə isə 20 ölkədən 250 –dən çox film göndərilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən  87 film daxil edib.

 

Qafqazın ən böyük qısametrajlı film yarışması “START” ın müsabiqə proqramına  təqdim olunan yerli və əcnəbi ekran əsərləri Avropanın tanınmış festivallarında mükafat almış kinematoqrafçılar və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Festivalda iki – “Yerli” və “Beynəlxalq” müsabiqə proqramı olduğundan jüri üzvləri  də bu proqrama əsasən seçilib. “Yerli”müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti : kinorejissor Elxan Cəfərov,  İlqar Safat və  “New Baku Post” qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndirilib. “Beynəlxalq” müsabiqədə isə filmləri 5 nəfərdən ibarət  beynəlxalq jüri heyəti seçib. Qeyd edək ki, bu il festivalın tarixində ilk  dəfə olaraq beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri yaradıcı, sənətdə öz sözlərini demiş  xanımlardan ibarət olub. Bu da səbəbsiz deyil. Çünki   VIII “START”  Gənclərin Beynəlxalq Film Festivalı Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunub.

Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın sədrlik etdiyi festivalın beynəlxalq münsiflər heyətində iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolberger də təmsil olunur.

 

“Beynəlxalq” müsabiqə proqramının qalibləri :

“Ən yaxşı bədii film”- Türkiyə – “”Hekayə həyatdan götürülüb” rej. Kerem Keskin

“Ən yaxşı sənədli film”- Almaniya – “Müharibədən əvvəl” rej. Jaried Katsiane

“Ən yaxşı cizgi filmi”- İran – “Oyun” rej. Cəmal Rəhməti

“Ən yaxşı eksperimental film”- Rusiya “Ölüm rəqsi”

“Ən yaxşı film- Qran Pri”- Jüri heç bir filmi bu mükafata layiq görmədi

 

“Yerli” müsabiqə proqramının qalibləri:

“Ən yaxşı bədii film”- Ər Toğrul Kamalov  “Ömürlük əsir”

“Ən yaxşı eksperimental film”- Emin Pənah “Motivasiya”

Qeyd edək ki, qaliblərdən başqa “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi “Astar” (Azərbaycan,Zamir Süleymanbəyli, Emin Əzizbəyli) və “Yüksələn ay” (Ukrayna,Yelena Maksimenko) filminə  xüsusi mükafat təqdim edib.

 

Mənbə: Cineline