Hollivudda Bakı neftinin tarixi barədə film çəkiləcək

Hollivudda neft uğrunda qlobal mübarizənin analizi kontekstində Bakı neft sənayesi tarixinə həsr olunmuş bədii film çəkilir.

Bakı nefti barədə bu səviyyədə ilk bədii filmin çəkilişləri azərbaycanlı mesenat, Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırovun səyləri nəticəsində mümkün olub.

Gün.Az-ın verdiyi xəbərə görə, 1news.az-a müsahibəsində Toğrul Bağırov filmin “Böyük oyun” və ya “Neft müharibələri” adlandırılacağını bildirib.

Filmin əsasında Bağırovun müəllifi olduğu neft uğrunda qlobal mübarizənin tarixi analizi duracaq. Adı açıqlanmayan tanınmış Hollivud ssenaristi tərəfindən yazılan filmin ssenarisi artıq hazırdı. Artıq ABŞ-ın aparıcı kinostudiyaları ilə danışıqlar aparılıb.

“Bütün bunlar Nobel qardaşlarının “gözləri” ilə göstəriləcək - əvvəl Lyudviq, sonra isə Emmanuelin. Orada bizim “Neft krallarımız”ın rəqibləri də iştirak edəcək – bunlar Rotşild və Rokfellerdir”, - deyə Moskva Beynəlxalq Neft Klubuna rəhbərlik edən və qlobal energetika məsələləri üzrə BMT ilə əməkdaşlıq edən filmin ideya müəllifi bildirib.

Filmin büdcəsi 100 milyon dollar təşkil edəcək. Filmin üzərində işlərin bu ilin sonunda başlayıb gələn ilin sonunda bitirilməsi planlaşdırılıb. Xeyriyyəçinin sözlərinə görə, filmdə adları hələ açıqlanmayan tanınmış aktyorlar rol alacaq.

 

Mənbə: Gün.az