Bakıda video-oyunlar barədə sənədli filmin premyerası oldu

Video-oyunların yaradılması barədə  ilk tammetrajlı sənədli filmin yerli premyerası “Park Cinema”nın dəstəyi ilə Azərbaycan ACM Bölməsi tərəfindən keçirildi. 2012-ci il Sandəns Film Festivalının qalibi olmuş “Müstəqil oyun: kinofilm” (Indie Game: The Movie) orijinal ingilis dilində, Azərbaycanca subtitrlərlə nümayiş olundu. Filmin ictimai nümayiş üçün əldə olunması və subtitrlərin hazırlanması Azərbaycan ACM Bölməsi tərəfindən həyata keçirilib. Premyera 28 avqust, çərşənbə günü, saat 20:00-da “Metropark Park Cinema”da baş tutdu.

 

Filmin treylerinə buradan baxmaq olar: www.youtube.com/watch?v=69htFBfywEQ.

 

Üç məşhur müstəqil oyunun yaradıcılıq hekayəsini nəql edən “Müstəqil oyun: kinofilm” əsasən tələbələr arasında geniş marağa səbəb oldu. Filmin nümayişindən əvvəl Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun rəhbəri Araz Yusubov qonaqları salamlardı. Tədbiri dostları arasında ən uğurla təbliğ edən üç tamaşaçıya Azərbaycan ACM Bölməsi tərəfindən kiçik hədiyyələr verildi. Bundan əlavə, “İşğal altında” video-oyununun müəllifi olan “AzDimensions” komandası bu üç nəfər arasında ən yaxşı göstəriciyə malik iştirakçıya xüsusi hədiyyə təqdim etdi.

 

“ACM informatika üzrə ən mötəbər qlobal elm və təhsil təşkilatıdır, – Araz Yusubov dedi, – Yerli peşəkar bölmənin fəaliyyəti əsasən kiçik maraq qrupları üçün seminarlardan ibarətdir. Ümid edirik ki, bu cür film nümayişi daha geniş auditoriyanı maraqlandıracaq. Film sənədli olsa da, kifayət qədər emosional tərzdə çəkilib və əminəm ki, nəinki proqramlaşdırma və ya kompüter oyunları ilə maraqlanan gənclər, həm də bütün yaradıcı insanların rəğbətini qazanacaq”.

 

“Park Cinema”nın PR meneceri Nərgiz Rəfiyeva bildirdi ki, təmsil etdiyi kinoteatrlar şəbəkəsi öz ənənəsinə sadiq qalaraq pulsuz premyera keçirməklə bu maarifləndirici təşəbbüsə dəstək olub: “Bu il ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları ili elan olunmuşdur və ümid edirik ki, filmin nümayişi ilə bu sahənin populyarlaşmasına öz töhfəmizi verəcəyik”.

 

Premyeraya 50-yə yaxın informasiya texnologiyaları üzrə mütəxəssis, universitet müəllimləri və tələbələr gəldi. Peşəkar proqramçı Emin Quliyev təəssüratlarını bölüşdü: “Çox maraqlı bir tərzdə çəkilmiş, hər addımında özümü gördüyüm unikal bir film idi. Çox xoşuma gəldi, seyrdən həzz aldım və həvəsləndim”. İqtisadiyyat istiqamətində xaricdə təhsil alan Kənan Kərimzadə dedi: “Film çox gözəl idi, subtitrlər də çox ləzzət elədi. Tərcümə və təşkilatçılığa görə Azərbaycan ACM bölməsinə təşəkkür edirəm”.

 

Tədbirdə çəkilmiş foto-şəkilləri buradan əldə  etmək olar: https://www.facebook.com/media/set/?set=a.362350927228657.1073741827.228057563991328&type=1&l=f11d30048e