Rövşən Almuradlı

Doğum günü:

19 aprel, 1954

Yaş:

62

Kinotap-da filmlər:

1

Rövşən Almuradlı 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır.

1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə: Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaratmışdır. O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Ə.Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olmuşdur. 1985-1987-cı ilədək Moskva Satira Teatrında iki illik rejissorluq təcrübəsi keçdikdən sonra Şəki Dövlət Dram teatrında: M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında: N.Hikmətin "Bayramın birinci günü", M.Suleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olmuşdur.
Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən: Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş vermişdir.
1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filminin quruluşçu rejissoru, 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri olmuşdur. Həmin illərdə o: M.Suleymanlının "Zirzəmi", M.Dostoyevskinin "Şıltaq qız", M.Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram teatrında: Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin quruluşçu rejissoru olmuşdur.
1993-cü ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor işləmişdir. 1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olmuşdur.
R.Almuradlı AZ TV-nin "Sabah" yaradıcılıq birliyində hazırlanmış: C.Məmmədquluzadənin "Anamın kitabı", N.Hacızadənin "Qayalarda qalan səs", "Yaz yuxusunun işiqi", "Şəkilçi və şəkilçi", Şekspirin "Kleopatra" film-tamaşalarının, 7 seriyalı "Abbas və Gülgəz", "Koroğlu" film-dastanlarının quruluşçu rejissoru, "Bəsdir aglama", 1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin, "Etnoqrafik etüdlər", "Qobustan", "Qax abidələri", "Padarçöl", "Molla Cümə", "Şıx ocağının işığı", "Qudyalçay" kimi sənədli filmlərin rejissoru, eləcə də 2005-ci ildə Akademik Milli Dram Teatrında: İ.Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin quruluşçu rejissorudur.
Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilmişdir. Hal-hazirda kinorejissor Azərbaycan istehsalı olan "Cavad xan" filmi üzərində işləyir.

Vəzifə Producer