Rasim Ocaqov

Doğum günü:

22 noyabr, 1933

Yaş:

83

Kinotap-da filmlər:

2

Rasim Mirqasım oğlu Ocaqov — Azərbaycan kinorejissoru, operator, ssenari müəllifi, bədii rəhbər, ikinci operator, filmlərdə və arxiv kadrlarda iştirak edən, Azərbaycan SSR xalq artisti (1982) Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi. SSRİ Dövlət mükafatı laureatı (1981). Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980).

Rasim Mirqasım oğlu Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı, respublikanın xalq artisti olub.
Moskva Kinematoqrafiya İnstitutunu bitirəndə Rasim müəllim kinooperator olmaq istəyirdi. 50-ci illərdə Azərbaycan kinosunda artıq yeni operator nəsli yetişmişdi. Muxtar Dadaşov, Teyyub Axundov, Xan Babayev, Əlisəttar Atakişiyev və başqaları kinomuzda operator kimi fəaliyyət göstərirdilər.
50-ci illərin sonlarından başlayaraq kinomuzda, həqiqətən, güclü bir canlanma var idi. Yeni nəfəs, yeni mövzular gəlirdi kinoya. Və belə bir vaxtda Rasim Ocaqov Bakı kinostudiyasında ilk çəkilişlərinə başladı. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmində işlədi. Filmdə baş operator Marqarita Pilixina idi. Görkəmli kinorejissor Əjdər İbrahimovun bu kino əsərini Bakı kinostudiyasında çəksə də, M. Qorki adına studiya da filmin şərikli istehsalçısı idi. O, kinokameranın dilini öyrənmişdi, işıq- kölgə münasibətləri, müxtəlif planların ardıcıl qurulması artıq operator kimi onun üçün problem deyildi. Ətrafındakılar bu gənc operatorun gələcək taleyindən də narahat deyildilər. Çünki Rasim Ocaqov elə ilk çəkilişlərdə özünü təsdiq etmişdi və sevib-seçdiyi sənətin çətinliklərini yaxşı başa düşürdü.
Rasim Ocaqovun operator kimi çəkdiyi filmlərdə kadrlar süjetin ümumi axarına elə uyğunlaşdırılırdı ki, tamaşaçı çox vaxt bu kadrların təsirindən çıxa bilmir, filmin sonuna kimi eyni həvəslə tamaşa edirdi.

"Onun böyük ürəyi" flimi isə R. Ocaqovun ilk sərbəst işi idi. Yenə də rejissor Əjdər İbrahimov onu öz filminə gətirmişdi. 1958-ci ildə Bakı kinostudiyasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Ancaq hiss edirsən ki, bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. İnsanların od püskürən soba qarşısındakı gərgin anlarını, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılmışdır ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır.
Doğrudan da, tamaşaçı filmə operatorun gözü ilə baxır. Əgər kinooperator duyumlu, texniki cəhətdən mükəm- məldirsə, deməli, filmin baxımlılığı təmin olunmuşdur.
Rasim Ocaqov kinoya heç vaxt artıq bir detal gətirməyib. O, bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edərdilər. "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
Azərbaycan kinosunda filmlərlə bağlı bəzən qalmaqallı hadisələr olub. Elə "Gəncəbasarlı qisasçı" filmi də belə hadisələrlə üzləşib. Filmi başqa bir rejissora həvalə etmişdilər. Bu, o vaxtlar idi ki, Rasim Ocaqov da kinostudiyaya müəyyən sifarişlər verib, rejissor kimi film çəkmək istədiyini bildirmişdi. Və günlərin birində studiyanın rəhbərliyi Rasim Ocaqova yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini davam etdirməyi həvalə etdi. 1975-ci ildə Rasim Ocaqov ilk dəfə rejissor kimi film çəkməli oldu. Bu tarixi-qəhrəmanlıq janrında çəkiləcək filmə o yenidən başladı. Qəhrəmanların ifaçılarını dəyişdi, ssenariyə əməlli-başlı əl gəzdirdi. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi.
Onun filmlərinin üstünlüyü ondadır ki, Rasim müəllim üçün mövzu məhdudiyyəti yoxdur. Tarixi filmdə də, psixoloji dram janrında da eyni ciddiyyətlə işləyir. "Tütək səsi" filminin uğurları barədə yəqin ki, geniş danışmağa ehtiyac yoxdur. Bu film müharibə haqqında təsəvvürlərimizə aydınlıq gətirdi. İsa Hüseynov özünün "Saz" və "Tütək səsi" povestləri əsasında yazdığı ssenari rejissor üçün çox zəngin material vermişdi. Daha rejissor seçim qarşısında qalmamışdı. Detallar öz yerində, hadisələr kino dilinə yaxın olduğundan rejissora yalnız filmin quruluşunu vermək qalırdı. Rasim Ocaqovun "Tütək səsi" filmi əsl mənada kinomuzun şedevrlərindən birinə çevrildi. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından kinomuza xeyli yeniliklər gətirdi. Bu film ekranlara çıxanda kinoteatrlarımızda növbələr düzülmüşdü. Yusif Vəliyevin, Məmmədrza Şeyxzamanovun yaratdığı qəhrəmanlar filmə xüsusi bir ovqat bəxş etmişdi. Xüsusilə Qılınc Qurbanın ifaçısı olan Yusif Vəliyevin bənzərsiz oyunu onu kinomuzun çox yaddaqalan obrazlarından birinə çevirmişdi. Mən dəfələrlə bu filmə tamaşa etmişəm. Hər dəfə də M. Şeyxzamanovu, İsfəndiyar kişinin görsəndiyi səhnələr qəlbimi kövrəldib. Cəbhədə vuruşan oğlunun yolunu həsrətlə gözləyən İsfəndiyar kişi, sazda "Ruhani"ni dilləndirdikcə tamaşaçı bir anlığa müharibənin dəhşətlərinin içərisindən keçirir. Bu duyğuları tamaşaçıda yaşadan və bizləri həmişə düşünməyə, şərə qarşı mübarizə aparmağa səsləyən, rejissor Rasim Ocaqov sonrakı filmlərində də bu dövrümüz üçün vacib ideyaları təlqin etmişdir.
"Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət" və bir də "İstintaq" filmlərdə müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.
2006-cı ildə Bakıda dünyasını dəyişib.

Filmoqrafiya

Abidələr danışır (film, 1964) (qısametrajlı sənədli film)
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-quruluşçu operator
Ad günü (film, 1977)(tammetrajlı bədii film)-quruluşçu rejissor
Alayarımçıq (film, 1984)
Arayış (film, 1986)
Arzu (film, 1972)
Azərbaycan kinosu-80 (film, 1996)
Azərbaycanın səhnə ustaları (film, 1965)
Bağlı qapı (film, 1981)
Bakı bu gün (film, 1958)
Bəhrə (film, 1984)
Bir cənub şəhərində (film, 1969)
Bir məhəllədən iki nəfər (film, 1957)
Bizim küçə (film, 1961)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Çardaş (film, 1973)
Çay daşının göz yaşı... (film, 1971)
Çexski unitaz (film, 1985)
Çiçək yağışı (film, 1971)
Çıxış yolu (film, 1984)
Dağıstan konserti (film, 1964)
Əlavə iz (film, 1981)
Əmək və qızılgül (film, 1962)
Ən vacib müsahibə (film, 1971)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Əsl dost (film, 1959)
Fövqəladə hadisə (film, 1982)
Gözdən uzaq... (film, 1985) (I)
Hami (film, 1981)
Heyif siqnalından (film, 1978)
Həm ziyarət, həm ticarət... (film, 1995)
Xəbərdarlıq (film, 1984)
İcazə (film, 1972)
İntizam (film, 1983)
İstintaq (film, 1979)
Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
Konsert proqramı (film, 1964)
Qatır Məmməd (film, 1974)
Qətldən yeddi gün sonra (film, 1991)
Mastika (film, 1986)
Matteo Falkone (film, 1960)
Metamarfoza (film, 1983)
Məhəbbət haqqında əfsanə (film, 1967)
Məhəmməd Füzuli (film, 1958)
Məhkumlar (film, 2007)
Mən ki gözəl deyildim (film, 1968)
"...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980)
Məsələ yerdə deyil... (film, 1985)
Müşavirə (film, 1971)
Onun böyük ürəyi (film, 1958)
Otel otağı (film, 1998)
Ögeylik (film, 1985)
Ölsəm... bağışla (film, 1989)
Ömrün ilk saatı (film, 1973)
Özgə ömür (film, 1987)
Özgə vaxtın doğma anları (film, 2002)
Park (film, 1984)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Rəngli yuxu (film, 1982)
Sən niyə susursan? (film, 1966)
Skripkanın sərgüzəşti (film, 1972)
Süd dişinin ağrısı (film, 1987)
Şur (film, 1967)
Təhminə (film, 1993)
Tütək səsi (film, 1975)
Uzaq sahillərdə (film, 1958)
Yolda əhvalat (film, 1960)

Vəzifə Producer