Mirzəağa Əliyev

Kinotap-da filmlər:

1

Mirzəağa Əli oğlu Əliyev (1883, Hövsan, Bakı quberniyası, Rusiya imperiyası — 25 oktyabr 1954, Bakı, Azərbaycan SSR) — Azərbaycan-sovet teatr və kino aktyoru, SSRİ Xalq artisti (1949).

Həyatı 

Kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir.
1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. Mirzəağa Əliyev 1906-1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907-1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912-1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.
Azərbaycan sovetləşəndən sonra M. Əliyev Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçısı olmuş, burada aktual mövzulu kupletlərdə çıxış etmişdir. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışmış, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirmişdir. Mirzəağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik aktyor idi.
M. Əliyev kino aktyoru kimi də məşhur olmuş, "Bismillah", "Hacı Qara", "Məhəbbət Oyunu", "Almaz", "Bakının İşıqları" və s. filmlərdə çəkilmişdir.
Xatirəsi 

Anadan olduğu Hövsan qəsəbəsində Mirzəağa Əliyev adına Mədəniyyət evi fəaliyyət göstərir.
Bakının Yasamal rayonunda küçələrdən biri Mirzəağa Əliyevin adını daşıyır.

Adlar və mükafatlar 

SSRİ Dövlət Mükafatı Laureatı (1943, 1948)
SSRİ Xalq Artisti (1949)
"Qırmızı Əmək Bayrağı" Ordeni
Filmoqrafiya 

Arşın mal alan (film, 1917) - Süleyman bəy
Bismillah (film, 1925) - Molla Mirzə Əbdürrəhim
Müxtəlif sahillərdə (film, 1926) - Amerikan fəhləsi
Hacı Qara (film, 1929) - Hacı Qara
Məhəbbət oyunu (film, 1935) - VVAQ müdiri
Almaz (film, 1936) - məktəb direktoru Səməndər
Mavi dənizin sahilində (film, 1936) -
Arşın mal alan (film, 1945) -
Bakının işıqları (film, 1950) -
Haqqında çəkilən filmlər 

Abbas Mirzə Şərifzadə (film) - qısametrajlı sənədli film

Vəzifə Aktyor