Münir Özqul

Doğum günü:

15 avqust, 1925

Yaş:

91

Kinotap-da filmlər:

1

Münir Özkul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy adlanan ərazisində anadan olub. Münir lap kiçik yaşlarından tanınır, sevilirdi. Necə də olmasa paşa nəvəsi idi və bu sevgi heç də paşa qorxusundan deyil, əksinə paşa olmasına rəğmən heç vaxt özünü sıravi insanlardan ayırmayan birinə bəslənən sevgidən qaynaqlanırdı. Münirdə aktyorluq istedadı çox erkən yaşlarında hiss olunmağa başlamışdı. Ətrafındakı insanları asanlıqla güldürməyi, yamsılamağı bacaran bu gənc çox keçmədən elə Bakırköydəki “Halkevi” adlanan aktyorluq dərnəyinə yazılır. Bununla paralel olaraq “İstanbul Erkek Lisesi” məzunu olur. “Halkevi”ndəki çıxışları onu Ankara və İstanbul dövlət teatrlarına daşıyır. Teatrda növbəti dayanacağı İstanbul şəhər teatrı olur. O, burada professional aktyor kimi yetişir. Böyük təcrübə toplayan aktyor “Səs teatrı”na, daha sonra isə “Kiçik səhnə teatrı”na keçir. Burda isə o, ilk ən önəmli rolunu alır. “Siçanlar və insanlar” tamaşası ilə ciddi bir aktyor imtahanından uğurla keçən aktyor, tamaşa rəhbəri Muhsin Ərtuğrulun etimadını qazanır. Həmin tamaşada Münir Türk teatrının ən usta sənətkarları ilə bir səhnəni bölüşən ən gənc aktyor idi. Filmə gəlməsi isə “Yeşilçam”da rejissor asistenti olan dostunun təklifi ilə olub.

1950-ci ildən başlayaraq daimi olaraq filmlərdə rol almağa başladı. Ssenarisi Nazim Hikmət və İhsan Kozaya aid “Üçüncü Səlim” filmindəki rol ilə böyük kinoya qədəm qoydu. 1951-ci ildə Muhsin Ərtuğrulun “Barbaros Hayrettin paşa” filmində ilk dəfə baş rolda göründü. 1957-ci ildə kino ilə paralel çalışdığı dövlət teatrında rəhbər vəzifəsinə gətirildi. Əsil şöhrəti isə ona “Arzu Film Yapımları” şirkətində istehsal olunan filmlər gətirdi.
Müniri daha çox ailə başçısı rollarında görürdü rejissorlar. Onun arvadı kimi isə vaxtsız ölümü ilə türk dünyasını yasa boğan, gülüş kraliçası Adilə Naşit rol alırdı. Bu iki böyük sənətkar birlikdə mükəmməl ikili adı almışdılar.
Xüsusən “Nəşəli günlər”, “Mavi boncuq”, “Arım, balım, peteyim”, “Bizim ailə” kimi filmlərdəki rolları ilə yadda qalsa da, “Hababam sınıfı” trilogiyasındakı “Kəl Mahmud” obrazı ilə milyonların qəlbində taxt qurmağı bacardı. Bu onun aktyorluq zirvəsi idi.
1980-ci illərdə Türkiyədə “video film” sindromu var idi. Rejissorlar pul xatirinə filmlər çəkib, məşhur aktyorları da bu filmlərdə oynadırdılar. Münir də həmin aktyorlardan biri idi. Ürəyitəmiz, gülərüz bir insan olduğundan düşünə bilmirdi ki, rejissorlar onun istedadından sui istifadə edirlər. Olduqca sadə görkəmli aktyor heç vaxt ona təklif olunan rollardan imtina etməzdi. Ümumiyyətlə çalışırdı heç kimin xətrinə dəyməsin. Təsadüfi deyil ki, “Hababam sınıfı”-na baxan onu tanıyanlar “Bu elə Münirin özüdü, Mahmud falan deyil” demişdilər. Ona xas olan özəlliklərdən biri də ssenariyə tez adaptasiya olması idi. Bircə dəfə oxuyub, nə cür bir obraz yaradacağını bilirdi.
Ona görə rejissorlar bu aktyorla iş birliyini sevirdilər. Hər nə qədər zəngin və gözəl kino karyerası olsa da Münirin həyatı bir o qədər gözəl keçməyib. Aktyor alkoqolizmlə uzun illər mübarizə aparıb və 90-ci ilin ortalarında asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3 ailəsi bahasına başa gəlib. Aktyor düz 4 dəfə evli olub və 3 uşaq atasıdı. Sonuncu evliliyi 27 il əvvəl Ümman xanımla baş tutub. Türkiyədə tanınmış aktrisa və prodüsser Güner Özkul onun qızıdır.
Hazırda Demans xəstəliyi ilə (məntiqin itməsi) yaşayır və 2003-cü ildən bu günə kimi evindən bayıra çıxmır. Yataq rejimində və zəif immunitetə sahib olduğundan aktyor hər an ciddi nəzarətdə saxlanılır. Öz ailəsindən, həkimlərdən başqa yanına heç kim buraxılmır.
Aktyor xəstəliyi ilə əlaqədar hələ də Kamal Sunalın, Adilə Naşitin və bir çox dünyasını dəyişmiş sənət yoldaşlarının sağ olduğunu zənn edir və gerçəklə yalanı qarışdırır. 2004 və 2011-ci illərdə aktyorun ölüm xəbəri yayılsa da aktyor hələ də həyatla mübarizə aparır. Türkiyənin xalq sənətçisi, “Qızıl portağal” və onlarla fəxri ad və mükafatlar sahibidir.

Vəzifə Aktyor