Məryəm Seyidbəyli

Doğum günü:

3 oktyabr, 1955

Yaş:

61

Kinotap-da filmlər:

1

Seyidbəyli Məryəm Həsən qızı — Azərbaycan tarixçisi, tarix elmləri doktorudur (2012), AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan diasporu şöbəsinin müdiri.

Məryəm Seyidbəyli 1955-ci il oktyabr ayının 3-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1962-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1972-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1972-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Ərəb dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. 1981-ci ildə Azərbaycan Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın qədim tarixi" şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1983-cu ildə "Azərbaycanın Orta əsrlər tarixi (III-XII əsrlər)" şöbəsinə dəyişilmişdir. Həmin il iki illik fransız dili kursunu müvəffəqiyyətlə başa vurmuşdur. 1980-1986-cı illərdə ərəb dili tərcüməçisi kimi dövri olaraq Əlcəzair, Suriya, Liviyada ezamiyyətlərdə olmuşdur. 1996-cı ildə "XIII əsrin birinci yarısı - XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatı" mövzusunda (İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında) namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin il bu mövzuda çapdan çıxmış monoqrafiyası ilin ən yaxşı kitabı elan olunmuşdur. 2003-cu ildə "Azərbaycan diasporu" şöbəsinin müdiri təyin edilmişdir. 2009-cu ildə "Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişafın xüsusiyyətləri və tendensiyaları (1988-2007-cu illər)" adlı monoqrafiyası çapdan çıxmışdır. Kitab 2010-cu il noyabrın 25-də Moskvada "Nauçnaya kniqa"nın "Ən yaxşı elmi kitab" layihəsinə görə keçirdiyi Beynəlxalq müsabiqədə Diploma layiq görülmüşdür. 2010-cu ildə monoqrafiyanın "Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişafın xüsusiyyətləri və tendensiyaları (1988-2010-cu illər)" adlı yenilənmiş ikinci nəşri işıq üzü görmüşdür. Monoqrafiya 2011-ci il aprelin 27-də "Humay" Milli mükafatına layiq görülmüşdür. 2012-ci ildə "Azərbaycan Diasporu Ensiklopedik məlumatlar toplusu" adlı kitabı çapdan çıxmışdır və Azərbaycan Diasporunun tarixi ilə bağlı tədqiqatlarına görə diplom almışdır.
Azərbaycanın Orta əsrlər və müasir tarixinə dair 50-dən çox elmi məqalənin müəllifidir. Beynəlxalq konfransların iştirakçısıdır. 15 fevral 2013-cü ildə tarix üzrə elmlər doktoru adını almışdır.
Rejissor Həsən Seyidbəylinin qızıdır.
Qardaşı Mehdi Seyidbəylidir.

Filmoqrafiya 

Telefonçu qız (film, 1962)
Sən niyə susursan? (film, 1966)
Qanun naminə (film, 1968)
Bizim Cəbiş müəllim (film, 1969)

Vəzifə Aktyor