Uma Turman

Doğum günü:

29 aprel, 1970

Yaş:

46

Kinotap-da filmlər:

9

Uma Karuna Turman (ing. Uma Karuna Thurman; 29 aprel 1970, Boston, Massaçusets) — ABŞ aktrisası.

Uma Turman 19 aprel 1970-ci ildə Bostonda (ABŞ) dünyaya göz açmışdır. Anası Nena von Şlebrüqqe İsveç əsilli model, atası Robert Turman isə professor idi. Valideynləri 1967-ci ildə ailə qurub. Robert Turman buddizm üzrə Kolumbiya Universitetində dərs verirdi və uşaqlarını da buddist təlim-tərbiyəsi ilə böyütmüşdü. Hətta öz uşaqlarının adlarını da hind adları qoymuşdu. Umanın adı "müqəddəs bağışlayan" mənasını verir. Uma Turmanın Qanden, Deçen və Mipam adlı üç qardaşı və Taya adlı bir ögey bacısı var. Taya atasının əvvəlki nigahından olan uşaq idi. Turman və qardaşları uşaqlıq dövrünün bir hissəsini Hindistanda keçirib. Atasının işlərinə görə tez-tez başqa yerlərə köçmək məcburiyyətində qalan ailə Uma Turmanı Massaçusets və Nyu-York şəhərlərində böyüdüb. Uma uşaqlıq illərində dostları tərəfindən tez-tez lağ obyektinə çevrilirdi. Dostları onun qəribə adını, üz quruluşu və böyük ayaqlarını lağa qoyurdular. 10 yaşında olarkən anası onun burnundan estetik əməliyyat olmasını istədi. Bu hadisə aktrisanı uzun illər narahat etdi, özgüvənini sarsıtdı. Turman ilk aktrisalıq sınağını "Northfield Mount Hermon" liseyində etdi. Dərs qiymətləri o qədər də yaxşı deyildi, amma səhnədə möhtəşəm oyunlar sərgiləyirdi. "Puta" adlı bir tamaşada sərgilədiyi rolu sayəsində istedadı bir neçə insan tərəfindən kəşf edildi və professional olaraq aktrisa olmağa qərar verdi. 15 yaşında oxuduğu liseyi yarımçıq qoyaraq aktrisalıq arzusu ilə Nyu-Yorka köçdü. Özünü dolandırmaq üçün ilk illər restoranda qab yuyan kimi işləyirdi. Turman 16 yaşında model kimi fəaliyyət göstərir, "Elite" model agentliyi ilə müqavilə imzalayır və qısa müddətdə ətrafındakıların diqqətini çəkərək "Glamour Magazine", "Vogue", "Rolling Stone" kimi jurnalların üz qabığında yer alır. Aktrisa ilk film təcrübəsini 1988-ci ildə həyata keçirir. Bu il düz 4 filmdə rol alır. Bu filmlər "Coni, yaxşı ol" ("Johnny Be Good"), "Gecə atanı öp" ("Kiss Daddy Goodnight"), "Baron Münxauzenin macəraları" ("Baron Munchausen") və "Təhlükəli münasibətlər" ("Dangerous Liaisons") idi. İlk üç film o qədər də uğur qazanmır. Ancaq "Təhlükəli münasibətlər" Qlen Klouz və Mişel Pfayfferi "Oskar”a namizəd etdi, həmçinin, kino prodüserlərin Turmana daha çox maraq göstərməsinə səbəb oldu. Film seansa girəndən sonra Turman medyada diqqət mərkəzində olmağa başladı, hətta həmkarı Con Malkoviç bir müsahibəsində onun çox istedadlı və ağıllı olduğunu deyir. 1990-cı ildə aktrisa hələ 19 yaşında ikən Fred Uardla "Henri və Cun" adlı filmdə rol aldı. Film seks səhnələri ilə bol olduğu üçün geniş kütləyə təqdim edilə bilmədi, amma aktrisaya qarşı olan diqqəti bir az da artırdı. Elə həmin il Turman Con Bormanın rejissorluğunu etdiyi "Ürək haradadır" ("Where The Heart Is") adlı komediyada çəkilir. 2 il sonra isə triller janrındakı "Son analiz" ("Final Analysis") filmində Riçard Gir və Kim Bessincerlə birlikdə kamera qarşısında çıxış edərək Diana Baylor adlı bir psixoterapiya xəstəsini canlandırır. Umanın baş rolunda oynadığı ilk film 1993-cü il istehsalı "Hətta qız kovboylar da bəzən qəmgin olur" ("Even Cowgirls Get the Blues") adlı film olur. Film Qas Van Santın rejissorluğu ilə çəkilmişdi, amma əldə etdiyi gəlir baxımından o qədər də uğur gətirmədi. Həmçinin bu filmdəki roluna görə aktrisa bir çox tənqidçilər tərəfindən mənfi rəylər aldı. Bu aralıqda Robert De Niroyla birgə çəkildiyi "Dəli it və Qlori" filmi də o qədər uğurlu olmadı. Son uğursuzluqdan sonra Turman Kventin Tarantinonun "Kriminal qiraət" ("Pulp Fiction") filminin sınaq çəkilişlərində iştirak edir. Tarantino "Dəli it və Qlori" filmindəki rolunu gördükdən sonra Turmanı seçməyi heç düşünməmişdi, ancaq seçmələrdən sonra axşam yeməyində oldular və Tarantino filmdəki Mia obrazı üçün Turmandan daha yaxşı bir seçim olmayacağını anladı. "Kriminal qiraət" bütün dövrlərin ən uğurlu filmlərindən biri oldu, kult film kimi özünü təsdiqlədi. Eyni il Turman "Ən yaxşı ikinci dərəcəli aktrisa" nominasiyası üzrə "Oskar"a, həmçinin "Qızıl Qlobus"a da namizəd oldu. Bu filmdən sonra Turman Tarantinonun ən sevimli aktrisalarından biri oldu.

Aktrisa sonrakı illər "Pişiklər haqqında həqiqət", "Betmen və Robin", "Qattaka", "Qisasçı" ("The Avengers") və "Səfillər" (“Les Miserables”) filmlərində rol alır. 1997-1998-ci illər Turmanın karyerasındakı ən uğursuz dövrlər idi, çünki çəkildiyi filmlər o qədər də uğur qazanmamışdı, aktrisa tez-tez mənfi rəylər alırdı, hətta ən pis aktrisa nominasiyasında mükafatlara da layiq görülürdü. Aktrisanın 1998-ci ildəki uğursuz fəaliyyətin gedişatı və hamiləlik sonrası Turman çəkilişlərinə bir müddət ara verdi. Daha sonra az büdcəli filmlərdə və "Şirin və sirr", "Teyp", "İsterik korluq" (“Hysterival Blindness”) kimi televizya filmlərində rol alır. Aktrisa "İsterik korluq" filminin produserliyini də etmişdi və bu filmdəki roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülür. Həmnçinin bu aralıqda model peşəsinə qayıdır. Sonra bir müddət Fransa kosmetika şirkəti “Lancome”də mətbuat katibi kimi işlədi. 5 il davam edən uzun bir müddətdən sonra aktrisa önəmli rollarla karyerasını davam etdirmək istəyir. 2003-cü ildə "Ödəmə çeki" (“Paycheck”) filmində rol alır. Bu filmdən bir az sonra karyerasının ən önəmli filmlərindən biri olan, Tarantinonun rejissorluğunu etdiyi "Bili öldürməli" (“Kill Bill”) filmlər seriyası gəlir. Tarantino bu filmin ssenarisini Turmandan ilham alaraq yazdığını demişdi. "Bili öldürməli" filminin çəkilişləri Turmanın hamiləliyi səbəbilə bir neçə ay gecikir. Həmçinin Turman bu film üçün Karate və Yaponca dərsləri alır. Filmə görə çəkisini azaltmaq məcburiyyətində qalır. Filmdəki gəlin rolu aktrisaya "Qızıl Qlobus" namizədliyi, "MTV: Ən yaxşı aktrisa" və "Ən yaxşı döyüş səhnəsi" mükafatlarını qazandırır. Artıq 2005-ci ildə Turman Hollivudun ən çox qazanan aktrisalarından biri olumuşdu. Hər filmə görə 12,5 milyon dollar qazanırdı. 2005-ci ildə rol aldığı filmlər isə "Lovğalan" (“Be Cool”), "Baş nazir" (“Prime”) və "Produserlər" idi. Növbəti il "Mənim möhtəşəm keçmiş sevgilim" (“My Super Ex-Girlfriend”) filmində rol alır.

2007-ci ildə "Onun gözlərindən əvvəlki həyat" (“The Life Before Her Eyes”) filmində Diana obrazını canlandırır. 2008-ci ildə aktrisa "Təsadüfi ər" (“The Accidental Husband”) filmində çəkilir. Romantik komediya olan film özünü evlilikdə axtaran bir qadının həyatından bəhs edir. Həmin il bir neçə televiziya filmlərində iştirak edən aktrisa növbəti il "Analıq" (“Motherhood”) filmində çəkilir. 2010-cu ildə isə iki filmə: "Persi Cekson və Olimpialılar” və (“Percy Jackson & the Olympians: The Lightning Thief”) və "Ayin" (“Ceremony”) filmində çəkilir. Aktrisanın son filmi "Bel Ami" filmidir. Film hələki seansa çıxmayıb. Bu ilin iyun ayında seansa çıxması gözlənilir.

Şəxsi həyatı. Turman 1980-ci illərin sonunda rejissor Fil Xoanoyla bir müddət münasibətdə oldu. Bu aralıqda bir studiya görüşündə ingilis aktyor Qari Oldmanla tanış olan Turman Fildən ayrıldı. Turman və Oldman 1990-cı ildə evlənir, ancaq evlilikləri 2 il davam edir. 1 may 1998-ci ildə "Qattaka" filminin studiyasında tanış olduğu aktyor Etan Hauke ilə evlənir. Cütlüyün həmin il Maya Ray adında bir qızları və 2002-ci ildə Levon Roanla adında bir oğulları olur. Hətta Hauke həyat yoldaşına ithafən kitab yazır. Hauke və Turman 2004-cü ildə boşanırlar. Hauke Turmanın onu Tarantinoyla aldatdığını düşünmüşdü və kanadalı model Yen Perzouyla yeni münasibətə başlamışdı. Turman evliliklərinin sonlarına doğru ona qarşı xəyanətin olduğunu demiş, amma kiminlə olduğu barədə məlumat verməmişdi. 2004-cü ildə otel sahibi Andre Balazsla birlikdə olmağa başlayır, amma 2006-cı ildə münasibətlərinə son qoyurlar. 1997-ci ildə "Empire" jurnalı “Bütün zamanların ən yaxşı 100 ulduzu” arasında Turmanı 99-cu seçir. Yenə eyni jurnal tərəfindən hazırlanan bir siyahıda “Kino tarixinin ən seksual 100 ulduzu” arasında 20-ci olur. Turman siyasi və sosial fəaliyyət cəhətdən çox aktiv biridir. Aksiyalarda tez-tez iştirak edir. Daha çox qadın hüquqlarının qorunması ilə bağlı aksiyalarda fəal iştirakı olur. Hal-hazırda aktrisa Nyu-Yorkda yaşıyır.

Vəzifə Aktyor